Bakı şəhərində yerləşdirilən “Təmiz ölkəm” konteynerləri vasitəsilə plastik tullantılar yığılacaq

03.05.2019,11:47


3 may, Fineko/abc.az. ADA universiteti və “Coca-Cola” şirkətinin həyata keçirdiyi “Təmiz ölkəm” layihəsi çərçivəsində tələbələrdən ibarət ekoloji könüllülər qrupu yaradılıb. Könüllülər əhali arasında maarifləndirmə işlərinə cəlb olunaraq şəhər sakinlərini ətraf mühiti təmiz saxlamağa, məişət tullantılarının həcmini azaltmağa, qida məhsulları üçün nəzərdə tutulan plastik qablaşdırmaları çeşidləyib təkrar emala göndərməyə həvəsləndirəcək. Bu məqsədlə şəhərin bir sıra yerlərində, həmçinin, onlarla yeni mənzil komplekslərinin ərazilərində “Təmiz ölkəm” konteynerləri yerləşdirilib.

Könüllülər qrupu “Təbiəti dəyişmə, özünü dəyiş” şüarı ilə həyata keçirilən  “Təmiz ölkəm” layihəsi çərçivəsində Xəzərin Mərdəkan sahilini plastik tullantılardan təmizləyib. Sahilyanı təmizlik aksiyasından sonra iştirakçılar “AzEkol” şirkətinə baş çəkərək, tullantıların çeşidlənməsi ilə tanış olublar. Qeyd edək ki, “Təmiz ölkəm” layihəsi çərçivəsində “ADA” universitetin nəzdində yaradılmış könüllülər qrupunun artıq 120 üzvü var.

Tədbir haqqında ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz:

https://www.youtube.com/watch?v=MdgXh_Avt4U

“Təmiz ölkəm” layihəsi çərçirvəsində ölkədə keçirilən böyük tədbirlərin də maarifləndirmə işlərinə cəlb olunması nəzərdə tutulub. Belə ki, Formula 1 Qran-prisi  oyunlarının keçirildiyi ərazilərdə plastik tullantılar üçün 12 ədəd konteyner yerləşdirilib.

Qeyd edək ki, “Təmiz ölkəm” layihəsi “Coca-Cola” Fondu və ADA Universitetinin birgə tərəfdaşlığı, həmçinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzEcol” şirkətinin dəstəyi ilə həyata keçirilir. Layihə əhalinin tullantıların azaldılması, ətraf mühitin təmiz saxlanılması üzrə maarifləndirmə işləri və plastik tullantıların çeşidləmə yolu ilə yığımını nəzərdə tutur.