Bu gün Heydər Əliyevin anadan olmasının 96 illiyi qeyd olunur

10.05.2019,11:59


10 may, Fineko/abc.az. Müasir müstəqil Azərbaycanın memarı və qurucusu, görkəmli dövlət xadimi, Azərbaycan xalqının dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96 illiyi qeyd olunur.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, onların ailə üzvləri və yaxınları ümummilli liderin məzarını ziyarət etmək üçün Fəxri Xiyabana gəldilər.

Heydər Əlirza oğlu Əliyev 1923-cü il mayın 10-da Azərbaycanın Naxçıvan şəhərində doğulub.

1969-cu ildə Kommunist Partiyası Mərkəzi Komitəsinin iyul plenumunda Heydər Əliyev Azərbaycan KP Mərkəzi Komitəsinin birinci katibi seçilərək respublikanın rəhbəri olub.

1982-ci ilin dekabr ayında Heydər Əliyev Siyasi Büronun üzvü seçilmiş, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilib və SSRİ rəhbərlərindən biri olmuşdur. Heydər Əliyev iyirmi il ərzində SSRİ Ali Sovetlərinin deputatı olmuş və beş il SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışıb.

1987-ci ilin oktyabr ayında Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq tutduğu vəzifələrdən istefa verib.

1990-cı ilin iyul ayında Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşayıb, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilib. 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikasının Ali Məclisinin sədr müavini vəzifələrində çalışıb. Heydər Əliyev 1992-ci ildə Yeni Azərbaycan Partiyasının Naxçıvan şəhərində keçirilmiş təsis qurultayında partiyanın sədri seçilib.

Heydər Əliyev 1993-cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçilib, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başlayıb. 1993-cü il oktyabrın 3-də keçirilən səsvermə nəticəsində Azərbaycan Respublikasının Prezidenti seçilib.

1998-ci il oktyabrın 11-də keçirilmiş seçkilərdə o, yenidən Azərbaycan Respublikasının Prezidenti seçilib. Öz namizədliyinin növbəti prezident seçkilərində irəli sürülməsinə razılıq vermiş Heydər Əliyev səhhətində yaranmış problemlərlə bağlı 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə iştirakdan imtina edib.

Azərbaycanın ümummilli lideri Heydər Əliyev 2003-cü il dekabrın 12-də müalicə olunduğu, ABŞ-ın Klivlend klinikasında, vəfat edib, dekabrın 15-də Bakıda Fəxri xiyabanda dəfn olunub.