Fizuli Musayev: “Uşaqlıqda kim olmağı arzulayırdımsa, oldum”

17.05.2019,15:55


17 may, Fineko/abc.az. Karate üzrə ikiqat dünya çempionu, 7-ci dan qara kəmər sahibi, Azərbaycan Taekvondo Federasiyasının birinci vitse-prezidenti, Azərbaycan Karate Federasiyasının İcraiyyə Komitəsinin üzvü, Fövqəladə Hallar Nazirliyinin İdman-Sağlamlıq Klubunun rəisi Fizuli Musayev TELLMANN SHOW-ya video müsahibə verib.

Polkovnik Fizuli Musayev müsahibədə həyata keçən uşaqlıq arzusundan, valideynlərinin istəyilə musiqiyə maraq göstərməsindən, polis orqanlarında işə həvəsindən, Rusiya məxfi qoşunlarında hərbi xidmətindən, idman sahəsində qazandığı nailiyyətlərdən və digər məsələlərdən danışıb.

Fizuli Musayev həmçinin beşqat dünya çempionu, 13 qat Avropa çempionu olan məşhur tələbəsi Rafael Ağayev barəsində də söhbət açıb. “Rafaeli birinci dəfə mənim yanıma 8 yaşı olanda onun Sumqayıtdakı ilk məşqçisi gətirdi. Potensialı olduğunu dərhal hiss etdim, onda gələcəyin çempionunu görürdüm”, - deyə polkovnik bildirib. Onun sözlərinə görə, Sumqayıtdan hər gün məşqə gəlmək çətin olduğu üçün Rafaeli öz evinə aparıb. Bu gün dünyanın ən populyar karateçisi olan Rafael Fizuli Musayevin oğlu ilə birlikdə böyüyüb.

Polkovnik həmçinin 1992-ci ildə cinayət-axtarış şöbəsinin əməkdaşı olarkən ona qarşı törədilmiş sui-qəsdin bəzi gizli məqamlarını da açıqlayıb.

Bu və diqər müsahibələri www.tellmann.show saytında izləyə bilərsiniz.

TELLMANN SHOW-nun müəllifi və rəhbəri  Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyevdir.  TELLMANN SHOW Gate 25-in iştirakı ilə Caspian European Club və “Narimanfilm” kinostudiyasının birgə layihəsidir.