“Təmiz Şəhər” ASC 200 min nəfəri alternativ enerji ilə təmin edib

13:47 - 17.05.2019


17 may, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2018-ci ildə ölkəmizdə əldə olunan alternativ enerjinin 51%-i məhz tullantıların düzgün zərərsizləşdirilməsindən alınıb. Ötən il Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda tullantıların yandırılması nəticəsində 162,2 milyon KVt/s və ya 200 min nəfəri il ərzində təmin edəcək qədər elektrik enerjisi istehsal edilib.

Qeyd edək ki, Bakı Bərk Məişət Tullantılarının Yandırılması Zavodu 2012-ci ildə istifadəyə verilib. Dördüncü nəsil 4G texnologiyası ilə inşa edilən bu zavod il ərzində 500 min ton bərk məişət və 10 min ton tibbi tullantı yandırmaq gücünə malikdir. Yanma zamanı bacadan çıxan tüstü xüsusi filtrlərdən keçərək tam neytrallaşdırıldıqdan sonra havaya buraxılır. Nəticədə tullantıların həcmi 10 dəfəyədək azaldılır və qaynayan su buxara çevrilərək elektrik enerjisi yaradır.

Ümumiyyətlə, Bakı şəhərində tullantıların düzgün yerləşdirilməsi və zərərsizləşdirilməsi nəticəsində ekoloji mühitin yaxşılaşdırılması, sahibkarların təkrar emal sahəsinə cəlb olunması istiqamətində son illər ərzində ciddi adımlar atılıb. Bu baxımdan Balaxanıda yerləşən Almaniya texnoloqiyaları ilə inşa edilən Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodu mühüm əhəmiyyət kəsb edir. Zavod il ərzində 200 min ton tullantı qəbul etmək gücünə malikdir. Bu zavodda çeşidlənən tullantılar təkrar emal müəssisələrini özündə birləşdirən Balaxanı Sənaye Parkına yönləndirilir.

Yanmaya və çeşidlənməyə yararlı olmayan tullantılar isə ekoloji standartlara uyğun qaydalara əməl olunmaqla Balaxanı Bərk Məişət Tullantılarının Zərərsizləşdirilməsi Poliqonunda basdırılır. Ötən əsrin 60-cı illərindən fəaliyyət göstərən poliqon cəmi 10 il əvvəl tüstü və yanğınlar mənbəyi hesab olunurdu. Hazırda isə poliqon beynəlxalq ekoloji normalara tam cavab verən sanitar statusa malikdir. Burada tullantıdan ayrılan çirkab sular filtrlər vasitəsilə texniki suya, bioqazlar isə elektrik enerjisinə çevrilir. Beləliklə, son 10 il ərzində tullantıların yerləşdirilməsi və zərərsizləşdirilməsindən maksimum fayda əldə olunaraq ekologiyanın qorunması sahəsində böyük tərəqqi əldə olunub.

 

Bütün xəbərlər