Ötən il Çin və Azərbaycan arasında ticarət dövriyyəsi 1,3 mlrd. dollar təşkil edib

11:17 - 20.05.2019


20 may, Fineko/abc.az. İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Çinə növbəti ixrac missiyası bu ölkənin ticarət şəhərlərindən biri İvuda olub.

İvu şəhərinə səfər çərçivəsində Azərbaycanın qida, şərab və spirtli içkilər, meyvə şirələri istehsal edən şirkətlərinin nümayəndələrinin və yerli iş adamlarının iştirakı ilə biznes forum keçirilib.

Qeyd olunub ki, 2018-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi 1,3 milyard dollar təşkil edib. Çinin Cənubi Qafqaz ölkələri ilə ticarətinin təqribən 43 faizi Azərbaycanın payına düşür. Ötən ay Pekində keçirilən 2-ci "Bir kəmər, bir yol" beynəlxalq əməkdaşlıq forumu çərçivəsində Azərbaycan və Çin şirkətləri arasında ümumi dəyəri 821 milyon dollarlıq 10 sənəd imzalanıb.

Bildirilib ki, "Made in Azerbaijan" brendi ilə istehsal olunan məhsulların Çinə ixracının təmin olunması məqsədilə Şanxay, Urumçi və Lucou şəhərlərində Azərbaycanın ticarət və şərab evləri açılıb. Azərbaycandan Çinin bir neçə şəhərinə ixrac missiyaları təşkil edilib. Bütün bunlar ikitərəfli iqtisadi-ticarət əlaqələrinin inkişafı baxımından əhəmiyyətli faktlardır.

Bütün xəbərlər