Cari ilin üç ayı ərzində əhaliyə 19,1 mln. manat müavinət ödənilib

12:27 - 20.05.2019


20 may, Fineko/abc.az. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-mart aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3 faiz artırılaraq 922,3 milyon manata çatdırılıb. Vəsaitin 97,9 faizini pensiya xərcləri təşkil edib.

İlin üç ayı ərzində əhaliyə 19,1 milyon manat məbləğində müavinət ödənilib ki, bunun da 31,7 faizi hamiləliyə və doğuma, 34,2 faizi əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə, 17,4 faizi dəfn, 16,7 faizi isə digər məqsədlər üçün ödənilən müavinətlərə yönəldilib.

Aprelin 1-nə olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda 1293,6 min nəfər pensiyaçı qeydiyyatda olub. Bu da ölkə əhalisinin 13,1 faizini təşkil edir. Onların 58,5 faizi yaşa, 30,0 faizi əlilliyə, 11,5 faizi isə ailə başçısını itirməyə görə pensiya alır.

Təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 6 faiz artaraq 231,5 manat təşkil edib və orta aylıq əməkhaqqının 40,1 faizinə bərabər olub.

Bütün xəbərlər