SOCAR-ın təlim, tədris mərkəzi şagird qəbulu üçün müsabiqə keçirir

12:39 - 20.05.2019


20 may, Fineko/abc.az. SOCAR-ın Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Sumqayıt Təlim, Tədris Mərkəzi şagird qəbulu üçün müsabiqə elan edib.

SOCAR-dan bildirilib ki, müsabiqədə iştirak etmək istəyənlər Azərbaycan Respublikasının vətəndaşı olmalı, Sumqayıt şəhəri və ya Abşeron rayonunda qeydiyyatı olmalı (həmin ərazilərdə məskunlaşmış məcburi köçkünlər də müraciət edə bilər), sentyabrın 15-dək 29 yaşı tamam olmamalıdır. Hazırda təhsilini davam etdirən və ali təhsili olan gənclər müsabiqəyə müraciət edə bilməzlər. Müsabiqədə iştirak etmək istəyən kişilərin həqiqi hərbi xidmət keçməsindən asılı olmayaraq hərbi bileti olmalı, tibb müəssisəsindən sağlamlıq haqqında arayış təqdim etməlidirlər.

Təlim mərkəzinə aparatçı, elektrik avadanlıqlarının təmiri və xidməti üzrə elektrik montyoru, nasos qurğusu maşinisti və təmirçi çilingər peşə ixtisasları üzrə ümumilikdə 33 şagird qəbul olunacaq.

Müraciətlər elektron formada qəbul olunur. Tələb olunan sənədlər və qaydalar haqqında məlumatı www.socar.az internet səhifəsinin “Karyera” bölməsinin “Təlim mərkəzlərinə sənəd qəbulu” keçidinə daxil olaraq əldə edə və müvafiq qaydada müraciət edə bilərsiniz. Müraciət üçün son tarix mayın 28-dir.

 

Bütün xəbərlər