Azərbaycan Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcək

11:31 - 21.05.2019


21 may, Fineko/abc.az. Mayın 21-də Bakıda Asiya İnkişaf Bankının (ADB) Dövlət Borclarının İdarəedilməsinə dair Regional Forumu keçirilir.

Forumda çıxış edən Maliyyə naziri Samir Şərifov Asiya İnkişaf Bankının Azərbaycan təbii qazının Avropaya nəqlini nəzərdə tutan Cənub Qaz Dəhlizi layihəsinə həm birbaşa, həm də ADB-nin zəmanəti ilə sindikatlaşdırılmış kreditlərin ayrıldığını deyib. Bildirib ki, Azərbaycan qazının 2020-ci ildə qitəyə çatdırılacağı gözlənilir.

S.Şərifov qeyd edib ki, son 15 ildə Azərbaycan iqtisadiyyatı çox yüksək templə inkişaf edib. ÜDM 3,3, sənaye istehsalı 2,6, ixrac 4,7, valyuta ehtiyatları isə 24 dəfə artıb.

Ölkə başçısının tapşırığına əsasən, Azərbaycanın beynəlxalq maliyyə təşkilatlarının proqramlarında, o cümlədən Asiya İnkişaf Bankının Asiya İnkişaf Fondunda donor ölkə qismində iştirak edəcəyini nazir bildirib.

 

Bütün xəbərlər