Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” üzrə sənədlər paketini təsdiq etdi

11:51 - 30.11.2017


30 noyabr, Fineko/abc.az. Azərbaycan prezidenti çərşənbə günü “Kredit Zəmanət Fondu”nun fəaliyyətinin təmin edilməsinə yönəldilmiş  sənədlər paketini təsdiq edib.

Prezident tərəfindən imzalanmış sənədlərdən göründüyü kimi, “Azərbaycan Respublikasının Kredit Zəmanət Fondu” Açıq Səhmdar Cəmiyyətinin («Credit Guarantee Fund of the Republic of Azerbaijan») nizamnamə kapitalı 100 milyon manat təşkil edəcək.

Nizamnamə kapitalı, səhmin birinin nominal dəyəri 10 manat olmaqla, 10 milyon səhmə bölünüb. Cəmiyyətin bütün səhmləri ilkin mərhələdə dövlətə məxsusdur.

Nazirlər Kabinetinə 1 ay  müddətində Fondun nizamnamə kapitalının formalaşmasını təmin etmək həvalə olunub.

Fondun fəaliyyətinin başlıca məqsədləri  sahibkarların maliyyə resurslarından istifadə  etmək imkanlarının genişləndirilməsi, habelə, maliyyə sahəsində risklərin bölgüsünə yönəldilmiş  kredit sisteminin formalaşmasındən ibarətdir.

Fondun idarəedilməsi Müşahidə Şurası və İdarə Heyəti tərəfindən həyata keçiriləcək. Fondun Müşahidə Şurası, Maliyyə Nazirliyi,  İqtisadiyyat Nazirliyi, Mərkəzi Bank, Maliyyə Bazarlarına Nəzarət Palatası, Dövlət Neft Fondu, Azərbaycan Banklar Assosiasiyası və Sahibkarlar Təşkilatları Milli Konfederasiyasını təmsil edən 7 nümayəndədən ibarət olacaq. Müşahidə Şurasında sədrlik, şura üzvləri arasında illik rotasiya prinsipi üzrə həyata keçiriləcək.

Müşahidə şurasının iclasları bir rübdə ən azı bir dəfə keçirilməlidir. Fondun İdarə Heyəti üç nəfərdən ibarət olacaq.

“Azərkreditzəmanət” filiallar və nümayəndəliklər təsis etmək, həmçinin törəmə strukturlar yaratmaq hüququna malikdir.

 

Bütün xəbərlər