TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazasının tikintisi başa çatmaq üzrədir

15:32 - 22.05.2019


22 may, Fineko/abc.az. ARDNŞ-nin məlumatına əsasən, TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 99 faizi başa çatıb. Boru kəməri bu il “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib.

Qeyd edək ki, keçən il iyunun 12-də Türkiyənin Əskişəhər şəhərində TANAP qaz kəməri istifadəyə verilib. Türkiyə bu vaxtadək TANAP-la 1,5 milyard kubmetr Azərbaycan təbii qazı alıb. İyunun sonunadək bu həcm 2 milyard kubmetr, 2019-cu ilin axırına kimi isə 4 milyard kubmetrə çatacaq.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir.

Bütün xəbərlər