Londonda Azərbaycan-Böyük Britaniya enerji forumu keçirilib

10:31 - 23.05.2019


23 may, Fineko/abc.az. Londonda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığı Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 3-cü iclası çərçivəsində enerji forumu keçirilib.

Energetika naziri Pərviz Şahbazovun rəhbərliyi ilə keçirilən forumun əsas müzakirə mövzuları neft-qaz sektorunun inkişafı, həyata keçirilən layihələr, Azərbaycanın Böyük Britaniya ilə enerji sahəsində yeni əməkdaşlıq imkanları, eləcə də ölkəmizdə bərpaolunan enerji və enerji səmərəliliyi sahələrində görülən tədbirlərdən ibarət olub.

Qeyd olunub ki, hazırda iki ölkənin enerji əməkdaşlığı gündəliyində Cənub Qaz Dəhlizi, “Azəri-Çıraq-Günəşli” yataqlarının yeni mərhələdə işlənməsi, “D 230” perspektiv bloku, “Dayazsulu Abşeron” və “Şəfəq-Asiman” kimi layihələrlə yanaşı, bərpaolunan enerji sahəsində birgə fəaliyyət də əsas prioritetlərdəndir. Böyük Britaniyanın bu sahədə təcrübəsinin külək, günəş və kiçik çaylar da daxil olmaqla bərpa edilə bilən enerji mənbələri sektorunun inkişafına töhfə verəcəyi qeyd olunub.

Bütün xəbərlər