BMTİP-in Rezident Nümayəndəsi Elmar Məmmədyarova etimadnaməsini təqdim etdi

14:58 - 23.05.2019


23 may, Fineko/abc.az. Dünən BMT-nin İnkişaf Proqramının (BMTİP) Rezident Nümayəndəsi vəzifəsinə təyin edilən cənab Alessandro Frakassetti BMTİP-in Azərbaycan Respublikasındakı Nümayəndəliyinin rəhbəri qismində öz etimadnaməsini Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarova təqdim edib.

Nazir Məmmədyarov cənab Frakassettinin BMTİP-in rəhbəri cənab Axim Ştayner tərəfindən 6 may 2019-cu il tarixdə imzalanmış təyinat məktubunu qəbul edib.

BMTİP-in Azərbaycan Ofisinin Rezident Nümayəndəsi vəzifəsində cənab Frakassetti BMTİP-in ölkədə həyata keçirdiyi bütün fəaliyyətlərinə rəhbərlik edir və Dayanıqlı İnkişaf üzrə 2030-cu il Gündəliyinə uyğun olaraq Azərbaycanın milli prioritetlərinə dəstək göstərmək üçün milli səviyyədə maraqlı tərəflərlə və beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.

İkitərəfli görüş zamanı cənab Frakassetti vurğulayıb ki, BMTİP, ölkənin məqsədyönlü inkişaf gündəliyinin yerinə yetirilməsində Azərbaycan Hökumətinə tam dəstəyini davam etdirəcək və inklüziv məşğulluq və sahibkarlıq, gənclər və qadınların səlahiyyətlərinin artırılması, iqtisadiyyatın şaxələndirilməsi, rəqəmsal texnologiyalardan istifadə və Azərbaycanda ətraf-mühitin mühafizəsi işinin və enerjidən səmərəli istifadə potensialının gücləndirilməsi kimi əsas prioritet sahələrdə təcrübə və innovativ həll yollarını təklif edəcəkdir.

 

 

Bütün xəbərlər