Fransa Azərbaycanda bərpa olunan enerji sektorunun inkişafına maraq göstərir

16:31 - 23.05.2019


23 may, Fineko/abc.az. Energetika Nazirliyində Fransa İnkişaf Agentliyinin Cənubi Qafqaz İdarəsinin rəhbəri xanım Qael Assayaq ilə görüş keçirilib.

Görüşdə agentliyin dayanıqlı enerji təchizatı, təmiz enerji üzrə layihələrin maliyyələşdirilməsində iştirakı və indiyə kimi müxtəlif sahələr üzrə 752 layihəyə 10,4 milyard avro maliyyə vəsaitinin ayrılması barədə məlumat verilib. Q.Assayaq bildirib ki, agentlik Azərbaycanda bərpaolunan enerji mənbələri üzrə həyata keçirilən layihələrdə iştirakda maraqlıdır, maliyyə dəstəyi verməyə hazır olduğunu qeyd edib.

Energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, hazırda bərpaolunan enerji sektorunun inkişafına özəl investisiyanın cəlbi məqsədilə normativ hüquqi baza yaradılır, güzəştli tariflərin tətbiqini nəzərdə tutan mexanizmlər hazırlanır. Bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi üçün BP, “Total”, “Masdar” və digər xarici şirkətlərlə əməkdaşlıq sənədləri imzalanıb.

Görüşdə bərpaolunan enerji sahəsində əməkdaşlıq üçün perspektiv layihələr ətrafında fikir mübadiləsi aparılıb.


Bütün xəbərlər