Dünya Bankı ilə Azərbaycan Sahibkarlar Konfederasiyası əməkdaşlığın perspektivlərini müzakirə edib

24.05.2019,16:12


24 may, Fineko/abc.az. Dünya Bankının Azərbaycandakı nümayəndəliyində Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) rəhbərliyi ilə görüş keçirilib.

Görüşdə ASK-nın prezidenti Məmməd Musayev ASK-ın fəaliyyəti barədə məlumat verərək həyata keçirilən uğurlu islahatlar nəticəsində sahibkarların sayının artaraq 1 milyona yaxınlaşdığını deyib.

O, əvvəlki illərdə kənd təsərrüfatının inkişafı ilə bağlı Dünya Bankı tərəfindən maliyyələşdirilmiş 6 pilot layihə çərçivəsində Salyan, Naxçıvan və digər bölgələrdə sahibkarlara maliyyə dəstəyi göstərildiyini bildirib.

Bankın Azərbaycan üzrə ölkə meneceri Navid Həsən Naqvi hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən özünəməşğulluq proqramının təkrarlanması məsələsinə Dünya Bankı da fəal dəstək verdiyini və bu məsələdə işəgötürənlər təşkilatlarının köməyinə ehtiyac ola biləcəyini qeyd edib.

N.Naqvi Dünya Bankı ilə ASK arasında əməkdaşlığın real imkanlarının olduğunu vurğulayıb.