Azərbaycanda bankların aktivlərinin yeni təsnifatı qüvvəyə mindi

12:05 - 29.05.2019


29 may, Fineko/abc.az. 2019-cu il mayın 29-dan etibarən, 2018-ci ilin noyabr ayında Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatasının təsdiq etdiyi bank aktivlərinin təsnifatı qaydaları qüvvəyə minib.

Bu qaydalara əsasən, bank aktivləri standart və qeyri-standart aktivlərə bölünür. Standart aktivlər qənaətbəxş və nəzarət altında olan, qeyri-standart aktivlər qeyri-qənaətbəxş, təhlükəli və ümidsiz aktivlərdir.

İndi aktivlərin təsnifatı gecikmə müddəti və keyfiyyət göstəriciləri ilə aparılır. Əvvəl isə  bu iki göstəriciyə görə bir təsnifat aparılırdı. Eyni aktiv üzrə fərqli təsnifat kateqoriyalarına aid hallar aşkarlandıqda daha aşağı təsnifat kateqoriyası əsas götürülür. Həmçinin yeni qaydalar aktivlərin təminatlı və təminatsız aktivlərə bölünməsini nəzərdə tutur.

Aktivin təminatının bazar qiyməti təminat məqbul təminat olduqda aktivin ümumi məbləğinin 100%-dən, təminat məqbul təminat olmadıqda isə aktivin ümumi məbləğinin 150%-dən aşağı düşdükdə, aktivlər təminatsız aktivlər üzrə müəyyən edilmiş gecikmə günləri üzrə təsnifləşdirilir.

Aktivin gecikmə müddəti əsas məbləğin və ya faiz borclarının ödənilməsi üçün müəyyən edilmiş tarixdən hesablanır.

Aktivlərin təsnifatının hər bir kateqoriyası öz göstəricilərinə və meyarlarına malikdir.

Bundan əlavə, qaydalar ehtiyatların yaradılması və aktivlərin silinməsi, istehlak kreditlərinin təsnifatı, yenidən qurulmuş aktivlər, banklararası tələblər və balansdankənar öhdəliklərin müəyyənləşdirilməsini müəyyən edir.

 

Bütün xəbərlər