330x110
 

TANAP qaz kəməri ilə, Türkiyəyə 1,8 mlrd. kubmetr qaz göndərilib

30.05.2019,10:37


30 may, Fineko/abc.az. Energetika naziri Pərviz Şahbazov 26-cı Beynəlxalq “Xəzər Neft və Qaz” konfransında çıxışı zamanı qeyd edib ki, ötən il istifadəyə verilən TANAP qaz kəməri ilə, indiyədək Türkiyəyə 1,8 milyard kubmetr Azərbaycan təbii qazı göndərilib. Boru kəmərinin mövcud ötürücülük qabiliyyəti hazırda 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

TANAP-ın Avropaya qaz nəqlini nəzərdə tutan ikinci fazası üzrə tikinti işlərinin 99 faizi başa çatıb. Boru kəməri bu il “Trans-Adriatik” (TAP) qaz boru kəmərinə birləşmək üçün hazır olacaq. Layihə üzrə kapital xərcləri 8 milyard dollardır və bu vaxtadək TANAP-a təqribən 6 milyard dollar xərclənib.

Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” yatağından çıxarılan qazı Türkiyəyə və Avropaya nəql edəcək TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə TAP qaz boru kəmərinə birləşəcək. TANAP-ın Gürcüstan-Türkiyə sərhədi-Əskişəhər 56 düym diametrli hissəsinin uzunluğu 1350 kilometr, Əskişəhər-Türkiyə-Yunanıstan sərhədi boyunca 48 düym diametrli hissəsinin uzunluğu isə 480 kilometrdir.