Bakıda Polşa memarlarının xatirəsinə həsr edilən lövhələrin açılış mərasimi olub

31.05.2019,15:32


31 may, Fineko/abc.az. Mayın 31-də Bakıda Polşa memarlarının xatirəsinə həsr edilən lövhələrin açılış mərasimi keçirilib.

Paytaxtın Polşa memarları küçəsində keçirilən mərasimdə Prezident İlham Əliyev və Polşa Respublikasının Prezidenti Andjey Duda iştirak ediblər.

Polşalı memarların adlarını əbədiləşdirmək məqsədilə Bakının tarixi məhəlləsində yerləşən küçələrdən birinə “Polşa memarları” adı verilib. Buradakı binaların birində polşalı memarlar - İosif Qoslavski, Kazimir Skureviç, İosif Ploşko və Yevgeni Skibinskinin adları həkk olunan xatirə lövhəsi və onların memarı olduqları bir neçə binanın daşdan yonulmuş şəkilləri vurulub. Xatirə lövhələrinin müəllifi Azərbaycanın Əməkdar memarı Elbay Qasımzadədir.