Problemli kreditlərin həlli ilə bağlı ödənişlərin icrası yekunlaşıb

11:02 - 3.06.2019


3 iyun, Fineko/abc.az. Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı ödənişlərin icrası uğurla başa çatdırılmışdır.

Maliyyə Bazarlarına Nəzarət Palatasının məlumatına görə, 31.05.2019-cu il tarixinə kompensasiya hesablanmış vətəndaşların 95,5%-nə ödənişlər edilmişdir ki, bu da cəmi ayrılmış məbləğin 91,4%-ni təşkil edir.

İcra edilmiş ödənişlər Maliyyə Nazirliyi tərəfindən 6 tranş çərçivəsində ayrılmış 600,1 milyon manat məbləğində vəsait hesabına həyata  keçirilib. Bu vəsait 562 min nəfər fiziki şəxsin 288,8 milyon manat ödəniş müddəti keçmiş kreditlərinə yönəldilmiş, 311,3 milyon manat isə müştərilərin sərəncamına verilmişdir.

Ümumilikdə126 mindən çox borcalanın kreditləri üzrə hesablanmış 107 milyon manata yaxın faiz və dəbbə pulları banklar və bank olmayan kredit təşkilatları tərəfindən silinmiş və bu proses davam etməkdədir.

Bundan əlavə, 42 min borcalanın kreditləri tamamilə bağlanmış, restrukturizasiya proseslərinə start verilməklə bu günə 10 minə yaxın borcalanın 11 milyon manat məbləğindəki kreditləri güzəştli şərtlərlə restrukturizasiya edilmiş və bu proses cari ilin sonunadək davam edəcəkdir.

Bütün xəbərlər