TAP boru kəmərinin Albaniya sularında dəniz borularının tikintisi başa çatıb

15:36 - 7.06.2019


7 iyun, Fineko/abc.az. Azərbaycan təbii qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) boru kəmərinin inşası çərçivəsində Albaniya sularında dəniz borularının tikintisi başa çatıb.

Bu barədə boru kəmərinin operatoru olan TAP AG şirkəti məlumat yayıb. Bildirilir ki, TAP-ın Albaniyada dəniz borularının qaynağı tamamlanıb.

Qeyd edilir ki, TAP-ın dəniz hissəsinin mühəndislik, təchizat, tikinti və quraşdırma (EPCI) üzrə podratçısı İtaliyanın “Saipem” şirkəti bu əməliyyatlar üçün “Castoro 10” gəmisindən istifadə edib.

TAP ötən ilin oktyabrında boru kəmərinin dəniz hissəsinin tikintisi işlərinə başlayıb. Boru kəmərinin dəniz hissəsi Albaniya və İtaliya sahillərini bir-birinə birləşdirəcək və uzunluğu 105 kilometr olacaq.

Xatırladaq ki, layihə üzrə kapital xərcləri 4,5 milyard avrodur. Boru kəməri Avropanın üç ölkəsinin ərazisindən – Yunanıstan, Albaniya və İtaliyadan keçir. TAP-ın ilkin ötürücülük qabiliyyəti ildə 10 milyard kubmetr olacaq və bu həcmin gələcəkdə 20 milyard kubmetrədək artırılması nəzərdə tutulur.

 

Bütün xəbərlər