Bolqarıstan sıfirliyi yerli turizm şirkətlərini akkreditasiya edəcək

14:44 - 1.12.2017


1 dekabr, Fineko/abc.az. Azərbaycan Turizm Assosiasiyasının (AZTA) sədri Nahid Bağırov Bolqarıstanın Azərbaycandakı səfirinin birinci müavini Yanko Yanakiyev və konsulu Kirill Apostolovu qəbul etdi.

Görüş zamanı ölkələr arasında viza prosedurlarının sadələşdirilməsinin aktuallığı məsələsi qeyd olundu, belə ki 16 yanvar 2018-ci il tarixdən Bakı-Sofiya birbaşa aviareysləri təşkil olunacaq. AZTA rəhbəri Nahid Bağırov səfirlik tərəfinfən bir neçə yerli turizm şirkətinin akkreditasiya edilməsini təklif etdi, çunki bu prosedurların sadələşməsinə eləcə də turist axınının artımına səbəb ola bilər.

Səfirin birinci müavini Yanko Yanakiyev qeyd etdi ki, Bolqarıstanda turizmin təbliğatı hökümət səviyyəsində aparılmır, buna görə də bu işlərin Azərbaycan Turizm Assosiasiyası tərəfindən aparılması qarşılıqlı turist axınına əlavə dəstək ola bilər. Birinci müavin, həmçinin Azərbaycan və Bolqarıstan qış kurortları arasında əməkdaşlıq imkanlarından, bu şəhərlərin qardaşlaşmış-şəhərlər olması imkanlarından, eləcə də yay aylaında çarter aviareyslərinin təşkili imkanlarından danışdı.

Konsul Kirill Apostolov qeyd etdi ki, səfirliyin təqdim etdiyi vizalar həmçinin Rumıniya, yunan Kipri və Xarvatiya üçün keçərlidi və bu da Bolqarıstanı azərbaycanlı turistlər üçün daha da cəlb edici istiqamət edir. İndiyə kimi, səfirlik cəmi 20 nəfərə viza  təqdim etməkdən imtina edib və bunların hamısı xarici vətəndaşlar olub. Azərbaycan vətəndaşları üçün vizaların təqdim edilməsində problemlər müşahidə olunmur.

Görüşün nəticəsi olaraq 15 dekabrda səfirlikdə Bolqarıstanın turizm potesialı və viza prosedurları barədə təqdimatın keçirilməsi qərara alınıb. Təqdimatı Kirill Apostolov keçirəcək.  Birinci müavin və konsul qeyd etdilər ki, Azərbaycan Turizm Assosiasiyası ilə əməkdaşlığın hökümət səviyyəsində təşkil olunması üçün xüsusi təkliflər hazırlanacaq və Bolqarıstanın Xarici İşlər Nazirliyinə təqdim olunacaq.

 

Bütün xəbərlər