TuranBank fəaliyyətinin 27-ci ilini qeyd edir

10:26 - 12.06.2019


12 iyun, Fineko/abc.az. Geridə qoyduğu illər ərzində TuranBank bir sıra nailiyyətlərə və müvəffəqiyyətlərə imza atıb. Təbii ki, yüksəlişlərlə yanaşı müəyyən çətinliklər də olub, lakin məhz bu çətinliklər bizi bir TuranBank ailəsi kimi daha güclü, təcrübəli və inkişafa meyilli edib və edəcək.  

Fəaliyyətinin əsas hədəfi müştəri məmnunluğu olan Bank müştərilərin məhsul və xidmətlərdən istifadə edərkən vaxtlarına maksimum dərəcədə qənaət etmələrinə, onların istək və tələblərini vaxtı-vaxtında öyrənməyə imkan verən layihələr həyata keçirmişdir. Belə ki, ötən ildə Bankın “Yasamal” filialının fasiləsiz fəaliyyət rejiminə keçməsi, həmçinin müştərilərinə məsafədən xidmət göstərmək məqsədi ilə Whatsapp proqramı xidmətinin istifadəyə verilməsi müştəri məmnunluğunun öndə olmasının bariz nümunələridir.

Bankın inkişaf strategiyasının əsas elementlərindən biri də insan kapitalına olan özəl yanaşma prinsipləridir. Bank əməkdaşlarının peşəkarlıq səviyyələrinin artırılması və yeni ixtisaslı kadrların cəlbi üzrə həyata keçirdiyimiz layihələrlə yanaşı, gənclərimizə öz karyeralarını TuranBankda qurmağa dəstək verən yeni “Gənclərə Dəstək” adlı sosial layihəmiz ötən ildə ən yadda qalan hadisələrdən biri olmuşdur.

Eləcə də Bank cəmiyyət qarşısında sosial məsuliyyətlilik dəyərlərinə necə ciddi önəm verdiyini daim həyata keçirdiyi müxtəlif sosial, humanitar, mədəni və idman sahəsində olan layihələri ilə bir daha sübut etmişdir.

Ötən il qadınların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi və sahibkar qadınların sayının artırılması ölkədə prioritet istiqamətlərdən olmuşdur. Bu səbəbdən bizneslərinə yeni başlayan qadın sahibkarların ucuz maliyyə resurslarına çıxışını təmin etmək TuranBankın qarşısına qoyduğu yeni hədəflərdən biri olmuşdur. Belə ki, ötən ildə bankda yeni Qadın Bankçılığı şöbəsi yaradılmış və bununla da qadın sahibkarların aktiv dəstəklənməsi tədbirləri gücləndirilmişdir. Bu əməli fəaliyyətin davamı olaraq bankımız Sahibkar Xanım biznes krediti və Business Lady kart məhsullarını hazırlayaraq öz müştərilərinə təqdim etmişdir. Eyni zamanda arxada qoyduğumuz ildə, bankımız qadın sahibkarlara dəstəklə yanaşı gənc sahibkarlarımızın da effektiv maliyyələşməsini həyata keçirmək məqsədilə çox sərfəli şərtlərlə Gənc Sahibkar adlı yeni kredit məhsulunu yaratmış və Young Businesmen plastik kartları sahibkar fiziki şəxslərə təqdim edilmişdir. Məlumat üçün qeyd edək ki, hər iki məhsulun verilməsi zamanı heç bir bank xərci tutulmur və öz işini qurmaq istəyən istər qadın, istərsə də gənc sahibkarlarımıza bank tərəfindən ödənişsiz maliyyə xidmətləri də təklif edilir. İnanırıq ki, bu məhsullar ölkədə xanımların və gənclərin iqtisadi fəallığının artırılması, onların sahibkarlıq fəaliyyətinə cəlb edilməsi istiqamətində dövlət siyasətinə əhəmiyyətli töhfə olacaqdır.

Bu gün TuranBank ölkənin paytaxtı və əsas regional mərkəzlərində yerləşən 16 satış nöqtəsində çalışan peşəkar kadrları vasitəsilə əhali və təsərrüfat subyektlərini yüksək keyfiyyətli bank xidmətləri ilə təmin edən, cəmiyyət qarşında öz sosial məsuliyyətini fəxrlə daşıyan bir maliyyə qurumuna çevrilmişdir. Ancaq bu heç də qarşıya qoyulmuş hədəflərin hamısının icra edilməsi demək deyildir. Əsas hədəfimiz dəyişkən rəqabət mühiti fonunda ölkənin seçilən banklarından biri olaraq daha yüksək nailiyyətlərə imza atmaqdır. Bu niyyətin gerçəkliyə çevrilməsi üçün ən böyük dəstək müştərilərimizin inam və etibarı, səhmdarlarımızın etimadıdır. Bankımızın inkişafında rolu olan hər bir kəsə öz dərin minnətdarlığımı bildirir, yeni hədəflərə çatmaq yolunda uğurlar arzulayıram.

TuranBank ASC – nin Idarə Heyətinin sədri

Fəzail Musayev

Bütün xəbərlər