Risklər artdıqca banklar daha çox zərərə uğrayır – Ekspertdən kredit faizinin çox olmasına münasibət

14.06.2019,16:45


14 iyun, Fineko/abc.az “Ölkəmizin bankları transmilli banklar deyil və dünyanın pul bazarlarına birbaşa çıxışımız yoxdur, törəmə alətlər, beynəlxalq maliyyə əməliyyatları üçün dünya bazarlarına və ya ən azı ucuz fond cəlb etmək üçün beynəlxalq pul bazarlarına birbaşa çıxış əldə etməyin şərtləri var”.

Bu fikirlər iqtisadçı eskpert Elman Sadiqova məxsusdur.

Ekspert düşünür ki, bu şərtlərin bir çoxunu heç bir inkişaf etməkdə olan ölkələrin bankları da əldə edə bilmirlər: “Biz bankların kredit faizlərini inkişaf etmiş ölkələrdəki bank faizləri ilə müqayisə ediriksə, o halda fond birjası, maliyyələşmə və digər amilləri də (məsələn, problemli kreditlərin həlli ilə bağlı sürətli prosedurlar və sair) nəzərə almalıyıq. Qeyd olunan hər bir fakt üzrə xərc və riskləri illik depozit faizlərinin üzərinə gəldikdə kredit faizlərinin nə üçün 30-32% olduğunu görmüş oluruq. Yüksək faiz kreditin geri qayıtma ehtimalını və riskləri artırır. Risklər artdıqca banklar daha çox zərərə uğrayır. Yəni, yüksək maliyyət = yüksək fazili kredit = daha çox problemli kredit. Bu səbəblərdən banklar yüksək kredit faizlərində maraqlı deyillər. Bankların ən böyük marağı daha az maliyyətli maliyyələşmə mənbələrinə nail olmaqdır ki, daha az xərc müqabilində daha aşağı faizli kreditlər versinlər ki, bu kreditlərin də qayıtma ehtimalı daha yüksək olar”.