Bank Olmayan Kredit Təşkilatına dəyişiklik təklif edilir

15:45 - 18.06.2019


18 iyun, Fineko/abc.az. Bank Olmayan Kredit Təşkilatının (BOKT) kapitalında mühüm iştirak payı olan şəxsin başqa hüquqi şəxsin kapitalında mühüm iştirak payını əldə etməsi və ya artırması barədə xəbər tutduqdan sonra dərhal bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına yazılı bildiriş göndərməlidir.

Bu bənd "Bank olmayan kredit təşkilatları haqqında" Qanuna təklif edilən dəyişikliklikdə yer alıb.

Qanuna təklif edilən dəyişiklik Vergilər Nazirliyinin “Vergilər” qəzetində dərc olunub.

Təklifdə vurğulanır ki, BOKT kapitalında mühüm iştirak payı olan hüquqi şəxsin kapitalında hər hansı şəxsin mühüm iştirak payı əldə etməsi və ya artırması barədə xəbər tutduqdan sonra dərhal bu barədə Palataya yazılı bildiriş göndərməlidir. Mühüm iştirak payının alınması üçün BOKT-un səlahiyyətli idarəetmə orqanı müraciəti və qərarı ilə birlikdə müvafiq sənədləri Maliyyə Bazarlarına Nəzarət Palatasına təqdim etməlidir.

Layihədə qeyd edilir ki, BOKT-un kapitalında mühüm iştirak payına malik olan hər hansı bir şəxs ona məxsus səs hüquqlarını və ya nizamnamə kapitalındakı payını 20 faizdən, 33 faizdən və ya 50 faizdən aşağı səviyyəyə endirməzdən əvvəl bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasına yazılı məlumat verməlidir.

Qanun layihəsi Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsi tərəfindən parlamentin növbədənkənar sessiyasının iclasına tövsiyə edilib.

 

Bütün xəbərlər