Azərbaycan minimum əməkhaqqı üzrə MDB ölkələri arasında ikinci yerdə qərarlaşacaq

11:57 - 19.06.2019


19 iyun, Fineko/abc.az. Prezidentin “Minimum aylıq əməkhaqqının artırılması haqqında” imzaladığı Sərəncama əsasən, Azərbaycanda minimum əməkhaqqının məbləği 2019-cu il sentyabrın 1-dən 40 %-dək artırılaraq 180 manatdan 250 manata çatdırılacaq.

Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinin məlumata görə, minimum əməkhaqqının artımı birbaşa olaraq 950 minədək vətəndaşı əhatə edəcək. Onlardan 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda işləyənlərdir. Həmin artımın təmin edilməsi üçün dövlət büdcəsindən illik 780 milyon, 2019-cu il (sentyabr-dekabr ayları) üzrə 245 milyon manat əlavə vəsait ayrılması təmin olunacaq.

Sərəncamla minimum əməkhaqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əməkhaqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verir.

Artımdan sonra Azərbaycan Respublikasında minimum əməkhaqqı MDB ölkələri arasında alıcılıq qabiliyyətinə görə ikinci yerdə qərarlaşacaq.

Bütün xəbərlər