İKZF zəmanət və faiz subsidiyalarının verilməsinin prosedur qaydalarına dəyişiklik edib

14:39 - 19.06.2019


19 iyun, Fineko/abc.az. İpoteka və Kredit Zəmanət Fondu kiçik və orta sahibkarların maliyyə mənbələrinə çıxış imkanlarının artırılması, eləcə də kredit zəmanət mexanizminin təkmilləşdirilməsi və stimullaşdırılmasına dəstək məqsədilə “Sahibkarlıq kreditləri üzrə zəmanətlərin və faiz subsidiyalarının verilməsinin prosedur Qaydaları”na (Qaydalar) dəyişiklik edib.

Fonddan verilən məlumata görə, dəyişikliyə əsasən, zəmanət verilməsi üçün müvəkkil bank tərəfindən təqdim edilən sənədlərin siyahısı ilə bağlı kredit məbləği üzrə müvafiq hədd 200 min manatdan 350 min manata qaldırılıb.

Bundan başqa, yeni qaydalara görə, kredit reytinq modelinə əsasən yüksək reytinqə malik, yəni risk səviyyəsi aşağı olan sahibkarlıq subyektlərindən təminat tələb olunmur. Reytinqə əsasən orta risk səviyyəsinə malik sahibkarlıq subyektlərinin təminatına tələblər isə daha da yumşaldılıb. Bundan başqa, zəmanət üzrə müraciət zamanı tələb olunan sənədlər də sadələşdirilib.

Qeyd edilir ki, yeni qaydalar bankların kredit risklərini sığortalamaqla kredit layihələrinin maliyyələşməsini stimullaşdıracaq.

 

Bütün xəbərlər