“Bakı neft maşınqayırma zavodu” ASC özəlləşdirildi

15:36 - 19.06.2019


19 iyun, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Komitəsi uzun müddət fəaliyyətsiz qalan və ya tam gücü ilə fəaliyyət göstərməyən ağır sənaye müəssisələrində istehsalın genişləndirilməsi üzrə işlərini davam etdirir.

Belə ki, komitə tərəfindən “Bakı neft maşınqayırma zavodu” ASC-nin səhmlərinin satışı üzrə elan edilmiş müsabiqənin qalibi artıq məlumdur.

Qalib investor, müsabiqə şərtlərinə uyğun olaraq, dövlət büdcəsinə 4,7 milyon manat məbləğin köçürülməsini və ümumi həcmi 10,2 milyon manat  təşkil edən İnvestisiya Proqramının icrasını öhdəsinə götürüb.

Bununla yanaşı,  müəssisənin 1,9 milyon manat məbləğində DSMF-yə olan borclarının, 115 min manata yaxın əmək haqqı və digər sosial-iqtisadi öhdəliklərin yerinə yetirilməsini üzərinə götürmüşdür.

İnvestor tərəfindən müəssisəyə bir il ərzində yuxarıda qeyd olunan məbləğdə investisiyaların yatırılması nəticəsində 165 yeni iş yerinin yaradılması, işçilərin sosial təminatının gücləndirilməsi planlaşdırılır.

Bütün xəbərlər