Sahil Babayev: 2020-ci ilin yanvarından bütün pensiyalar artacaq

17:04 - 20.06.2019


20 iyun, Fineko/abc.az. İyunun 20-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin iclası keçirilib.

İclasda iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev sosial islahatlarla bağlı həyata keçirilən tədbirlərdən danışıb. Qeyd edib ki, bu il həyata keçirilən birinci sosial paketin illik maliyyə yükü 2 milyard manatdır. İkinci sosial paket isə 2 milyon 100 min nəfər vətəndaşı əhatə edir. Bu paketin illik xərci 2 milyard manata yaxın olacaq. Amma 2019-cu ilin yerdə qalan dövrü üzrə bu istiqamətdə 660 milyon manat vəsait yönəldiləcək.

Bildirilib ki, ikinci sosial paket çərçivəsində həyata keçiriləcək tədbirlər 1 milyon 350 min vətəndaşın əməkhaqqısının, 750 min nəfərin isə pensiyasının artımına səbəb olacaq.

Nazir diqqətə çatdırıb ki, 2020-ci ilin yanvarından bütün pensiyalar artacaq. Belə ki, 2020-ci ilin 1 yanvar tarixindən bütün pensiyaçıların pensiyası indeksasiya nəticəsində əlavə 15 % artacaq. Beləliklə, hazırda 160 manat alan pensiyaçı oktyabrdan 200 manat, yanvardan isə 230 manat pensiya alacaq.

Sahil Babayev deyib ki, sosial paketlər çərçivəsində ayrılacaq vəsaitlər iqtisadi inkişaf nəticəsində qazanılan pullardır. Bu vəsait Dövlət Neft Fondundan ayrılan transfertlər deyil.

 

Bütün xəbərlər