VTB (Azərbaycan)-ın əməkdaşları Moskva Dövlət Universitetinin Bakı filialının tələbələr ilə görüşüb

21.06.2019,17:52


21 iyun, Fineko/abc.az. Bank VTB (Azərbaycan)-ın nümayəndələri M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının tətbiqi riyaziyyat və iqtisadiyyat fakultəsinin tələbələri ilə görüşüb. Tədbir zamanı bankın əməkdaşları 3 və 4-cü kurs tələbələrinə maliyyə təşkilatında çalışmağın üstünlük və özəllikləri haqqında danışıb.

“Hər bir uğurlu təşkilatın təməlində peşəkar əməkdaşlar dayanır. Məhz buna görə biz öz kadr siyasətimizdə yüksək ixtisaslı kollektivin formalaşmasına və inkişafına xüsusi diqqət yetiririk. Bizim bank karyera inkişafına, yeni ideyaların reallaşmasına, böyük təcrübə qazanmasına imkan verir, eləcə də təhsil üçün əlverişli şərait yaradır” – deyə, bank VTB (Azərbaycan)-ın İnsan resursları  idarəsinin şöbə müdiri Təhminə Mehtiyeva bildirib.

VTB (Azərbaycan)-ın mütəxəssisləri eləcə də bank sahəsində çalışmağı planlaşdıran tələbələrlə müsahibə keçirib. Onlardan bəziləri müştərilərlə iş üzrə menecer, proqramçı və  marketoloq vəzifələri üzrə növbəti müsahibələr üçün dəvət olunublar.

VTB (Azərbaycan) gənc istedadlı şəxsləri işə cəlb edir və bu istiqamətdə bir sıra aparıcı universitetlərlə əməkdaşlıq edir. Belə əməkdaşlıq, tələbələrə maliyyə təşkilatlarında iş barəsində məlumat almağa və gələcək peşəsini seçməyə imkan verir.