Rusiya aviaşirkəti Rostov-Bakı aviareysinin açılmasından imtina edib

11:27 - 2.07.2019


2 iyul, Fineko/abc.az. Rusiyanın “İrAero” aviaşirkəti tələbin olmaması səbəbindən Rostov-Don-Bakı istiqamətində birbaşa hava əlaqəsinin açılmasından imtina edib.

Rusiya KİV-in məlumatına görə, “İrAero” Rostovdan Bakıya hər həftə reyslərin yerinə yetirilməsini planlaşdırırdı, bir tərəfə biletlərin qiyməti isə 12 min rubl təşkil edirdi.

“Yeni reysin işə salınmasının iyulun 6-da keçirilməsi planlaşdırılırdı, uçuşlar şənbə günləri  “Sukhoi Superjet 100” təyyarələrində yerinə yetiriləcəkdi. Biz görürdük ki, satışlar praktiki olaraq getmir və o zaman biletlərin bir hissəsini maya dəyərindən aşağı satmaq barədə qərar qəbul edildi. Lakin bu tədbirlər də satışların artırılmasına şərait yaratmadı”, - deyə “İrAero” daşımaların təşkili xidmətinin rəisi Aleksandr Makin bildirib.

Aviaşirkətdən qeyd edilib ki, bu istiqamətdə bilet alan hər kəsə pullar tam həcmdə qaytarılacaq.

Hazırda “İrAero” Bakıya Çelyabinsk, Orenburq və Yekaterinburqdan uçuşlar həyata keçirir.

30 oktyabr 2016-cı il tarixindən etibarən Rostov-Don-Bakı istiqamətində uçuşlar Rusiyanın “Pobeda” aviaşirkəti tərəfindən yerinə yetirilib. Lakin 30 may 2017-ci il tarixindən etibarən uçuşlar dayandırılıb.

 

Bütün xəbərlər