Neft hasilatının daha 9 ay azaldılması ilə bağlı “Əməkdaşlıq Xartiyası”nı Azərbaycan da imzalayıb

02.07.2019,16:32


2 iyul, Fineko/abc.az. Vyanada ”OPEC plus” nazirlərinin 6-cı görüşündə əvvəlcə OPEC və qeyri-OPEC ölkələri arasında uzunmüddətli əməkdaşlığa dair Xartiya qəbul olunub.

Daha sonra isə neft hasilatının azaldılmasına dair razılaşmanın müddətinin daha 9 ay uzadılması ilə bağlı razılıq əldə edilib. “Əməkdaşlıq Xartiyası”na, eləcə də OPEC və qeyri-OPEC ölkələrinin 2020-ci ilin birinci rübünün sonunadək qüvvədə olacaq qərarına Azərbaycan da qoşulub.

Tədbirdə iştirak edən Energetika naziri Pərviz Şahbazov bildirib ki, “OPEC və qeyri-OPEC ölkələri arasında “Əməkdaşlıq Xartiyası” sayəsində neft bazarının balanslaşdırılması ilə bağlı səylərimizi artıq təşkilatlanmış şəkildə həyata keçirəcəyik. Xartiya uzunmüddətli əməkdaşlıq mexanizmi kimi neft istehsalçılarının maraqlarının qorunmasına və neft sənayesinə davamlı dəstəyi təmin edəcəkdir”.

Müzakirələrin yekununda OPEC ölkələri və təşkilata daxil olmayan ölkələr, o cümlədən Azərbaycan tərəfindən “Əməkdaşlıq Bəyannaməsi”nə imza atılıb.

Qeyd edək ki, “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin 1 iyul tarixindən 2020-ci ilin 31 mart tarixinədək nəzərdə tutulub.  Ötən ilin dekabrında qəbul edilmiş “Əməkdaşlıq Bəyannaməsi” üzrə “OPEC plus” ölkələrinin  kvotaları isə dəyişməz qalır.