Sahibkarlığın dəstəklənməsi üçün xarici ölkələrin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri layihələr əlaqələndiriləcək

09:15 - 3.07.2019


3 iyul, Fineko/abc.az. Prezident İlham Əliyev “Sahibkarlığın dəstəklənməsi məqsədilə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) əlaqələndirilməsi haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, xarici dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycan Respublikasında mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsi məqsədilə kredit, texniki yardım və ya qrant formasında maliyyələşdirdikləri proqramlar (layihələr) Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə əlaqəli şəkildə həyata keçiriləcək.

Nazirlər Kabineti mikro, kiçik və orta sahibkarlıq subyektlərinin dəstəklənməsi məqsədilə xarici dövlətlərlə və beynəlxalq təşkilatlarla bağlanılan kredit, texniki yardım və ya qrant alınmasına dair sazişlərə əsasən həyata keçirilən proqramlara (layihələrə) KOBİA-nın cəlb olunmasını təmin edəcək.

İqtisadiyyat Nazirliyi isə Ədliyyə Nazirliyinin məlumatları əsasında xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri KOB subyektlərinin dəstəklənməsi proqramları (layihələri) üzrə qeydə alınan texniki yardım və qrant müqavilələri (qərarları) barədə məlumatların KOBİA vasitəsilə ümumiləşdirilməsini həyata keçirəcək.

KOBİA təqdim edilmiş məlumatlar əsasında xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirdikləri proqramların (layihələrin) KOB subyektlərinin inkişafına təsiri səviyyəsini öyrənərək növbəti dövrlərdə xarici dövlətlərin və beynəlxalq təşkilatların maliyyələşdirəcəyi proqramların (layihələrin) istiqamətlərinə dair təkliflər hazırlanmasını təmin edəcək.

Bütün xəbərlər