Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyə 65% yüksəlib

15:25 - 8.07.2019


8 iyul, Fineko/abc.az. 2019-cu ilin 5 ayında ötən ilin müvafiq dövrü ilə müqayisədə qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin cəmi dövriyyədə xüsusi çəkisi 59,5 %-dən 65,7 %-ə yüksəlib.

Vergilər Nazirliyinin məlumatına görə, qeyri-neft sektorunda elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artan məbləğinin 81,3 %-i ticarət və sənayenin payına düşüb.

Qeyd edilir ki, 2019-cu ilin yanvar-may aylarında istehsal və topdansatış ticarətin toplam dövriyyəsi 16,3 %, o cümlədən sektorlar üzrə elektron qaimə-faktura ilə rəsmiləşən toplam dövriyyə 38,3 % artıb. Topdansatış ticarətdə elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyə 43,7 %, istehsalda isə 30,1 % artıb.

Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin artım tempi həm topdansatış ticarətdə, həm də pərakəndə ticarətdə 43,7 %-ə çatıb.

Elektron qaimə-faktura ilə rəsmiləşən dövriyyənin həcmində ən yüksək artım templəri kənd təsərrüfatında (91,8 %), ticarətdə (43,7 %), rabitədə (24,2 %), sənayedə (16,9 %) və digər fəaliyyət sahələrində (29,9 %) müşahidə olunur.

Şəffaflaşma baxımından müsbət proseslərdən biri də pərakəndə ticarətdə və ictimai iaşədə əldə edilən elektron qaimə-fakturaların dəyərinin, müvafiq olaraq, 70,1 % və 56,3 % artmasıdır.

 

Bütün xəbərlər