Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir

17:20 - 5.12.2017


5 dekabr, Fineko/abc.az. Bu gün Bakıda Azərbaycan-Türkiyə 10-cu Yüksək Səviyyəli Hərbi Dialoq İclası öz işinə başlayıb.

Müdafiə Nazirliyinin məlumatında deyildiyi kimi, nümayəndə heyətləri plenar açılış iclasında geniş tərkibdə iştirak ediblər. İclasda həmsədrlərin açılış nitqləri səsləndirilib və regional təhlükəsizlik mühitinin vəziyyətinə dair brifinqlər təqdim olunub.

“Dekabrın 7-nə qədər davam edəcək iclas zamanı, Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil, hərbi sənaye və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti, inkişaf perspektivləri, hər iki ölkənin Silahlı Qüvvələri arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi məsələləri, eləcə də qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas fəaliyyət istiqamətləri müzakirə ediləcək.

Hərbi dialoq çərçivəsində aparılan müzakirələr zamanı cari ildə yerinə yetirilmiş işlər təhlil olunacaq, 2018-ci il üçün fəaliyyət planı razılaşdırılacaq”, - məlumatda belə deyilib.

Nazirliyin məlumatında qeyd edilir ki, iclasın Azərbaycan tərəfindən həmsədri Müdafiə nazirinin şəxsi heyət üzrə müavini general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın Plan, Prinsiplər Baş İdarəsinin rəisi korpus generalı Yavuz Türkgencidir.

 

 

Bütün xəbərlər