“SOCAR karbamid”in gübrə məhsulunun “Aqrolizinq”ə ilk satışı həyata keçirilib

15.07.2019,11:10


15 iyul, Fineko/abc.az. SOCAR-ın Karbamid zavodunda istehsal olunan karbamid məhsulunun Azərbaycanın əsas gübrə tədarükçülərindən olan “Aqrolizinq” ASC-yə ilk satışı həyata keçirilib.

SOCAR-dan bildirilib ki, əsas vəzifələrindən biri yerli sahibkar və fermerləri güzəştli şərtlər əsasında gübrə məhsulu ilə təmin etmək olan “Aqrolizinq” ASC indiyədək karbamid tədarükünü idxal yolu ilə həyata keçirib. SOCAR-ın Karbamid zavodunun fəaliyyətə başlaması ilə bu sahədə idxaldan asılılıq aradan qaldırıldığından, artıq karbamid gübrəsinin “Aqrolizinq” tərəfindən həmin zavoddan alınması və güzəştli şərtlərlə yerli sahibkar və fermerlərə tədarük edilməsi planlaşdırılır.

Qeyd edilir ki, may ayından daxili və xarici bazarlarda gübrə satışına başlayan Karbamid zavodunda hazırkı dövrədək təxminən 60 min ton karbamid istehsal edilib və bu məhsulun təxminən 45 min tonu tender yolu ilə əsasən Türkiyə və Ukrayna bazarlarına, habelə yerli bazarda “Azfert” MMC-yə satılıb.

Yaxın gələcəkdə zəruri infrastrukturun yaradılmasından sonra məhsulun əsasən dəmir yolu vasitəsilə tədarük edilməsi nəzərdə tutulur.