Hüquqi şəxslərin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində qeydiyyatı başlayıb

17.07.2019,10:55


17 iyul, Fineko/abc.az. Kənd Təsərrüfatı Nazirliyinin Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemində (EKTİS) aqrar sahədə fəaliyyət göstərən hüquqi şəxslərin qeydiyyatına start verilib.

Nazirlikdən verilən xəbərə görə, EKTİS-də 149 hüquqi şəxsin qeydiyyatdan keçəcəyi gözlənilir. Hüquqi şəxslərin öz aqrar fəaliyyətlərinə dair məlumatları yeni sistemə daxil etməsi bir ay ərzində yekunlaşacaq.

Qeyd edilir ki, indiyədək qədər 313 377 fermer aqrar fəaliyyətinə dair məlumatları EKTİS-ə daxil edib.

Ümumilikdə 313 792 təsərrüfat yeni sistemdə qeydiyyata alınıb. 228 366 fermer elektron sistemdə Dövlət Aktı / şəhadətnamə, 63 914 fermer Əmlak Məsələləri Dövlət Komitəsinin verdiyi çıxarış, 7 279 fermer icarə sənədi, 3 278 fermer etibarnamə, 703 fermer vərəsəlik şəhadətnaməsi, 378 fermer arayış, 59 fermer torpaq sahələrinin plan və ölçü sənədi əsasında EKTİS-də qeydiyyatdan keçiblər.

Digər fermerlər isə torpaq üzərində mülkiyyət hüququnu təsdiqləyən digər sənədlər əsasında öz aqrar fəaliyyətlərinə dair məlumatları sistemə daxil ediblər.