SOCAR İstiqrazlarının sahiblərinə yenə 1.25 milyon dollar ödənildi

11:50 - 17.07.2019


17 iyul, Fineko/abc.az. Dollarda illik 5% gəlir qazandıran və faizləri hər 3 aydan bir ödənilən SOCAR İstiqrazlarının 2019-cu il üzrə 17 iyul tarixində sayca 3-cü, ümumilikdə isə 11-ci faiz ödənişi edildi və bununla da, istiqraz sahiblərinin ümumi gəliri 13 milyon 750 min dollara yüksəlmiş oldu. 2021-ci ilədək dövriyyəsi davam edəcək olan SOCAR İstiqrazları üzrə qarşıdakı rüblərdə daha 9 dəfə faiz ödənişi ediləcək ki, bunun da müqabilində, istiqraz sahibləri əlavə 11 milyon 250 min dollar qazanmış olacaqlar (ümumilikdə 25 milyon dollar.)

“SOCAR Capital” şirkətindən verilən məlumata əsasən, hər istiqraz üçün 12.5 dollar olmaqla, toplamda 1.25 milyon dollar vəsait bir həftə əvvəldən Milli Depozit Mərkəzinin Mərkəzi Bankdakı hesabına köçürülüb.

Əsas xüsusiyyətləri SOCAR-ın nominal qiymətdən geri alma zəmanəti, likvidliyin yüksək olması, alqı–satqı əməliyyatlarının asanlığı və faiz ödənişlərinin qrafikə uyğun aparılması olan SOCAR İstiqrazlarının təkrar bazar əməliyyatlarının ümumi həcmi hazırda 175 milyon dolları ötüb və Bakı Fond Birjasında ən çox alınıb-satılan korporativ qiymətli kağızdır – 2019-cu ilin ilk yarısında 240, ümumilikdə isə 1800 əqd bağlanıb.

1 və 5 saylı ASAN Xidmət mərkəzlərindən də əldə edilməsi mümkün olan və 5 illik müddətə buraxılan SOCAR İstiqrazlarının 17 iyul tarixində ümumi faiz ödənişlərinin artıq yarıdan çoxu yekunlaşmış oldu.

İstiqrazlar üzrə növbəti faiz ödənişinin cari ilin 17 oktyabr tarixində baş tutacağı bildirilib.

 

Bütün xəbərlər