Ölkədə kimya məhsullarının istehsalı artıb

18.07.2019,10:34


18 iyul, Fineko/abc.az. 2019-ci ilin birinci yarısında Azərbaycanın kimya müəssisələri kimya məhsullarının istehsal həcmini 2018-cı ilin analoji dövrü ilə müqayisədə 30,4% artırıb.

Dövlət Statistika Komitəsindən verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında ölkədə 52,5 min ton propilen (ondan əmtəəlik 52,4 min ton), 59,2 min ton polietilen, 71,5 min ton etilen, 188,7 min ton metanol (metil spirti) istehsal olunub.

Bildirilir ki, yarım ildə kimya sənayesində məhsul buraxılışı ötən ilin eyni ayları ilə müqayisədə 30,4 % artıb. İyulun 1-nə 3,3 min ton propilen, 3,5 min ton polietilen və 31,6 min ton metanol hazır məhsul ehtiyatı kimi qalıb.

Hesabat dövründə əsas kimya məhsullarından propilen istehsalı 57 %, etilen istehsalı 18,7 %, polietilen istehsalı isə 1,2 % artıb.