Azercell-in eksklüziv təklifləri “Bakutel 2017” sərgisində

06.12.2017,17:22


Hər ilin sonunda regionun və dünyanın ən son texnoloji yenilikləri BAKI EKSPO mərkəzində keçirilən Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisində təqdim olunur.

“Bakutel 2017” çərçivəsində həm biznes, həm də asudə üçün faydalı olan mobil rabitə və telekommunikasiya sahəsinin ən innovativ layihələri isə Azercell-in stendində sərgilənir. Artıq illərin adətinə çevrilmiş bu ənənə 23-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya

Texnologiyaları Sərgi və Konfransında da davam edir. Azercell Telekom MMC bu il “Bakutel” –in nəinki əsas iştirakçılarından biri, həmçinin, Baş Sponsorudur.

 

Azercell Telekom dörd gün ərzində “Bakutel” pavilyonunun mərkəzində yerləşən ənənəvi stendində innovativ, həm biznes, həm də asudə vaxt üçün faydalı yenilikləri ziyarətçilərə təqdim edir. Stendin bir hissəsi yeni “Azercell Exclusive" konsepsiyasına aiddir. Bu hissədə yeni nəsil İT üzrə həll variantları,  4G və 5G texnologiyalara aid müxtəlif innovativ mobil xidmətlər, müasir mobil cihazlar nümayiş olunur. Burada sərgi ziyarətçiləri, həmçinin, Azercell tərəfindən təqdim olunan son model telefonlarla tanış olub, onları yerində test edə, məhsul, xidmətlər haqqında peşəkar təmsilçilərdən ətraflı məlumat ala bilərlər.

 

Budəfəki “Bakutel”  sərgisində Azercell öz yeni biznes həllini tam gücü ilə müştərilərin ixtiyarına verir. Belə ki, ölkəmizdə ilk dəfə tətbiq olunan “Virtual ATS” həlli ilə şirkətlər rabitənin yeni səviyyəsindən yararlanacaqlar. Bu həll ilə şirkətlər smartfonlar üçün ATS-in təşkili, müştəri xidmətləri mərkəzinin yaradılması və reklam kampaniyaları keçirilən zaman çoxkanallı "qaynar xətt"-in qurulmasına nail ola biləcəklər. Bundan başqa, Virtual ATS həlli fərdi telesekretar, konfrans zəng, zənglərin idarə edilməsi və digər 10-a yaxın funksiyalarla bizneslərə eksklüziv imkanlar verir. Hazırda əsas diqqətin xərclərə qənaətə yönəldiyi bir zamanda, bu həll ilə şirkətlər əlavə avadanlıq xərcləri çəkmədən səmərəliliyi artıracaqlar.

 

Azercell-in stendində ən maraqlı bölmələrdən biri son nəsil texnologiyaların nümayiş olunduğu sahədir. Burada telefonla “Bulud” texnologiyaları üzərindən idarə olunan robot ziyarətçilərin xüsusi marağına səbəb olur. Belə ki, onlar təkərlərin üzərindəki kiçik robotun asanlıqla tarazlığını saxlaya bildiyinin şahidi olurlar. Digər proqram isə qarışıq və virtual reallığın köməyilə real həyatda təhlükəsizliyin nə cür qoruna biləcəyini göstərir. Məsələn, virtual reallıq vasitəsilə fövqəladə hallarda konkret məkandan çıxış yollarını axtarıb tapmaq, digər halda isə istehsalı artırmaq üçün vizual yollar əldə etmək olar. Bu sistem, həm də, qəzadan qurtulmaq üçün yol hərəkəti qaydalarına riayət olunmasına nəzarət edir, qarşıdan gələn maşın haqqında sürücüyə xəbər verir. “Smart parking” adlı digər bir texnologiya isə küçədəki kameraların köməyilə maşın üçün parklama yerinin axtarılıb tapılmasına yardım edir.

“Texnologiya” bölməsində sərgilənən kiçik bir kubun – “Connected cube” köməyilə ağıllı idarəetmənin şahidi olmaq mümkündür. Ziyarətçilər kubun kənarındankı QR kodlarını telefonda skanerdən keçirməklə, həmin yerdəki temperaturu, rütubətliliyi ölçən cihazlara qoşulur, heç bir proqram yükləmədən asanlıqla bu göstəricilərin qeyd olunduğu portala keçmiş olurlar.

 

Kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə son illər cəmiyyət üçün ən aktual məsələlərdən birinə çevrilib. Mobil kommunikasiyada təhlükəsizliklə bağlı problemləri həll edən “Azercell Plus Təhlükəsizlik” xidməti ilə şirkətin stendində ətraflı tanış olmaq olar. Bu proqram fayllar, proqramlar və saytların təhlükəsizliyini dərhal yoxlayır, viruslara və digər təhdidlərə qarşı müdafiəni təmin edir, naməlum saytlar tərəfindən şəxsi məlumatların əldə edilməsinin qarşısını alır. Proqram arzuolunmaz saytlara keçid, habelə virusa yoluxmuş və saxta saytlara keçiddən qoruyur, təhlükəsiz onlayn ödəniş imkanı verir. Həmçinin, açıq Wi-Fi şəbəkələrinin təhlükəsizliyini yoxlayır, veb kameraya icazəsiz keçidə imkan vermir. “Azercell Plus Təhlükəsizlik” xidmətinin üstün cəhətlərindən biri də İnternetdə uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Yuxarıda sadalanan özəlliklərdən başqa, "Valideyn Nəzarəti", həmçinin, uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, övladların qoşulduğu qruplardan xəbərdar olmağa, uşaqların yerini müəyyənləşdirmək və onlar üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.

 

Azercell musiqisevər abunəçilərini də unutmayıb. Sərgidə təqdim olunan "Azercell Plus Musiqi" xidməti hər kəsə sevimli musiqi parçalarını, müxtəlif melodiya və mahnılarını istənilən vaxt və istənilən yerdə dinləmək imkanı verir. Bu xidmətlə 28 milyondan artıq musiqi parçasını telefonda toplamaq mümkündür. "Azercell Plus Musiqi" ilə populyar mahnıların siyahılarını yaratmaq, onları sosial şəbəkələrdə paylaşmaq imkanını əldə etmək olar. Üç dil seçimi verən xidmətdən Azercell abunəçiləri, həm də, bir ay ərzində pulsuz istifadə edə bilirlər.

 

“Bakutel 2017” sərgisinin keçdiyi dörd gün ərzində Azercell stendinin ən aktiv və şən guşəsi olan əyləncə zonası ziyarətçiləri üçün xoş sürpriz, hədiyyələr qazandıran müsabiqə və viktorinalarla zəngin olacaq. Odur ki, hamını Azercell stendini ziyarət etməyə və buradakı ən son yeniliklərdən həm iş, həm də əyləncə üçün istifadə etməyə dəvət edirik!

 

Açar sözlər: Azercell Bakutel