İlham Əliyev: Bizim siyasətimiz sosialyönümlü siyasətdir

11:50 - 1.08.2019


1 avqust, Fineko/abc.az. İlin əvvəlindən çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir.

Çox önəmli addımlardan biri, minimum əməkhaqqı, minimum pensiya məbləğinin qaldırılmasıdı. Birinci dəfə 40%, ikinci dəfə də 40% artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb.

Bu sözləri Prezident İlham Əliyev iyulun 31-də Azərbaycan Respublikasının Prezidenti yanında sosial-iqtisadi sahə ilə bağlı keçirilən müşavirədə deyib.

Müşavirədə çıxış edən dövlət başçısı bildirib ki, biz əlavə gəlirlərimizin demək olar ki, tam həcmini sosial sahəyə yönəldirik. Bu sosial paketin həyata keçirilməsi üçün çox böyük maliyyə vəsaiti tələb olunur. Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50% artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir.

 

Bütün xəbərlər