QDTİB-nin istiqrazlarının yerləşdirilməsi üzrə hərracda rekord göstəricilər əldə edilib

14:23 - 2.08.2019


2 avqust, Fineko/abc.az. 1 avqust 2019-cu il tarixində “Bakı Fond Birjası” QSC-nin (BFB) tiracət platformasında Qara Dəniz Ticarət və İnkişaf Bankının AZ2001021487 qeydiyyat nömrəli istiqrazlarının yerləşdirilməsi üzrə hərracda rekord göstəricilər əldə edib.

Bu barədə BFB məlumat verir.

Xəbər verilir ki, Qara Dəniz Ticarət və İnkişaf Bankının 10 milyon manat məbləğində ticarətə buraxılmış istiqrazları üzrə 81 milyon manat məbləğində sifariş toplayıb. Beləliklə, rəqabətli hərrac üsulu ilə yerləşdirilmiş istiqrazlara tələb təklifi 8 dəfə üstələyib. Yerli qiymətli kağızlar bazarında ilk dəfə beynəlxalq maliyyə institutun milli valyutada emissiya etdiyi istiqrazlara investorlar tərəfindən rekord 63 sifariş təqdim olunub.

Xatırladaq ki, emitentin qərarına əsasən istiqrazların kəsmə qiyməti 1036.9251 AZN (7.25%), orta ölçülmüş qiyməti isə 1038.5984 AZN (7.16%) müəyyən olunmuşdur. Hərrac nəticəsində istiqrazlar tam şəkildə yerləşdirilib. Tədavül müddəti iki il (730 gün) olan istiqrazlar üzrə ödəmə tarixi 31 iyul 2021-ci ildir. İllik faiz dərəcəsi 9.25% təşkil edir və faizlər üç təqvim ayından bir ödənilir. Qeyd edilməlidir ki, 2019-cu ilə Qara Dəniz Ticarət və İnkişaf Bankının uzunmüddətli kredit reytinqi Standard & Poor’s tərəfindən “A-”,  Moody’s  tərəfindən A2 dərəcəsində müəyyən olunmuşdur.

 

Bütün xəbərlər