Yarım ildə BTC kəməri ilə 16 mln. ton xam neft ixrac edilib

16:29 - 2.08.2019


2 avqust, Fineko/abc.az. Cari ilin birinci yarısında Bakı–Tbilisi–Ceyhan əsas ixrac neft boru kəməri (BTC) vasitəsilə təqribən 16 milyon ton (120 milyon barreldən çox) xam neft ixrac edilib və həmin neft Ceyhan limanında 149 tankerə yüklənib.

Bu barədə “BP Azerbaijan” şirkəti məlumat verir.

Bildirilir ki, yanvar-iyun aylarında BTC üzrə əməliyyat xərclərinə təxminən 55 milyon dollar, əsaslı xərclərə isə təqribən 12 milyon dollar sərf olunub.

Qeyd edilir ki, 1768 kilometr uzunluğa malik BTC boru kəməri 2006-cı ilin iyunundan istismardadır. Həmin vaxtdan bu ilin ikinci rübünün sonunadək BTC ilə ümumilikdə təqribən 432 milyon tondan çox (təxminən 3,2 milyard barreldən artıq) xam neft nəql olunub və Ceyhan limanında 4 min 234 tankerə yüklənərək dünya bazarına göndərilib.

Hazırda BTC boru kəməri Azərbaycandan əsasən “Azəri-Çıraq-Günəşli” (AÇG) nefti və “Şahdəniz” kondensatı daşıyır. Bundan əlavə, boru kəməri vasitəsilə digər xam neft və kondensat həcmləri də, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.

Bütün xəbərlər