Sabah futbol klubunun stadionu ”Bank Respublika Arena” adlanacaq

12:00 - 5.08.2019


5 avqust, Fineko/abc.az. Ölkənin aparıcı banklarından biri olan “Bank Respublika” ilə Topaz Premyer Liqasında mübarizə aparan“Sabah” Futbol Klubu (FK) arasında sponsorluq və əməkdaşlıq haqqında yeni müqavilə imzalanıb.

Müqaviləyə əsasən, “Sabah” FK-nın Topaz Premyer Liqasında mübarizə aparan əsas və I Divizionda yarışan əvəzedicilərdən ibarət komandaları 2019/20 mövsümündə keçirdikləri bütün oyunlarda üzərində “Bank Respublika” yazılan formalarda çıxış edəcəklər.

Bundan əlavə, klubun ev oyunlarını keçirdiyi Masazırdakı stadion yeni mövsümdən “Bank Respubika Arena” adlanacaq. Bu müddətdə Bank stadionda özünün reklam materiallarının yerləşdirilməsində müstəsna hüquqlara malik olacaq.

"Biz inanırıq ki, “Sabah” FK ilə olan əməkdaşlığımız ölkəmizdə futbolu daha da aktiv inkişaf etdirməyə, gəncləri aktiv idman növlərinə cəlb etməyə imkan verəcəkdir. Düşünürəm ki, müasir standartlara malik peşəkar futbol stadionlarından birinin “Bank Respublika Arena” adlanması, Bankımızın  Azərbaycan futboluna olan dəstəyin növbəti göstəricisi olacaq."  deyə Bank Respublikanın İdarə Heyətinin sədri Tariyel İsmaylov qeyd edib.

 “Azərbaycan futboluna investorların və sponsorların gəlişi müsbət haldır. Ötən il “Bank Respublika” ilə sponsorluq müqaviləsi imzaladıq. Bu il isə bankla yeni müqavilə bağladıq. Yeni mövsümdən ev oyunlarımızı keçirdiyimiz stadion “Bank Respublika Arena” adlanacaq. Bu da onu göstərir ki, ötən mövsümkü əməkdaşlıq özünü tam doğruldub və  aramızdakı bağlar daha da möhkəmlənib. Fikrimcə, bu anlaşma “Bank Respublika” ilə əməkdaşlığımızda yeni səhifənin başlanğıcı olacaq. Ümid edirəm ki, gələcəkdə bu cür anlaşmalar nəinki bizim klubda, həmçinin Azərbaycan futbolunda mütəmadi hal alar”.  deyə Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlov qeyd edib.

 

Bütün xəbərlər