Altı ayda qiymətli kağızlar bazarında aparılan əməliyyatların həcmi açıqlanıb

15:55 - 5.08.2019


5 avqust, Fineko/abc.az. 2019-cu ilin birinci yarısında investisiya qiymətli kağızları bazarında ümumilikdə 8 176,3 mln. manat həcmində əməliyyat aparılıb. Bazarın həcmi keçən ilin müvafiq dövrü ilə müqayisədə 8% artıb.

Bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatası məlumat verib.

Məlumatda qeyd olunur ki, əməliyyatların 85%-i (6 957,5 mln. manat) ilkin bazarda, 15%-i (1 218,8 mln. manat) isə təkrar bazarda aparılıb. Cari ilin yanvar-iyun ayları ərzində qiymətli kağızlarla ilkin bazar əməliyyatları ötən ilin müvafiq dövrü ilə müqayisədə 7%, təkrar bazar əməliyyatları isə 11% artıb. 2019-ci ilin birinci yarısı ərzində real sektor təmsilçilərinin və maliyyə institutlarının fond bazarı vasitəsilə öz vəsaitlərini artırmaq təşəbbüsləri korporativ qiymətli kağızlar bazarının korporativ istiqrazlar seqmentində əməliyyatların həcminin ötən ilin müvafiq dövrü ilə müqayisədə 74% (756 mln. manat) artmasına səbəb olub.

Əlavə olaraq, korporativ istiqrazların ilkin bazarında bağlanan əqdlərin məbləği əvvəlki hesabat dövrü ilə müqayisədə 3,3 dəfə artaraq 470 mln. manata çatıb. Ümumilikdə, korporativ qiymətli kağızların ilkin bazarında 19% artım müşahidə olunub.

Bütün xəbərlər