Şagirdlər üçün Yay məktəbi sona çatıb

16:22 - 5.08.2019


5 avqust, Fineko/abc.az. ADA Universiteti və “Təmiz Şəhər” ASC-nin birgə təşkil etdiyi Yay məktəbinin bağlanış mərasimi keçirilib.

Dörd həftə davam edən yay məktəbində şagirdlərə tullantıların ətraf mühitə vurduğu ziyan, qida tullantılarının azaldılması, təkrar emal, ekoloji layihələrin idarə olunması, tullantılardan alternativ enerjinin əldə edilməsi və s. barədə ətraflı məlumat verilib, müxtəlif mövzularda mühazirələr oxunub. Yay məktəbinin iştirakçıları həmçinin, təkrar emal müəssisələrində olub, onlar üçün müxtəlif intellektual oyunlar və ustad dərsləri təşkil təşkil edilib. 

Yay məktəbinə qatılan 160 şagirdə sertifikat təqdim olunub.

Tədbirdə çıxış edən ADA Universitetinin nümayəndəsi Nərgiz İsmayılova yay məktəbinin ADA Universitetinin təhsil standartlarına cavab verdiyini vurğulayaraq, yeniyetmələrin maarifləndirici və əyləncəli düşərgədə faydalı biliklər əldə etdiyini bildirib. Qeyd edilib ki, şagirdlər üçün “Təmiz Şəhər” ASC-nin zavodlarına, Balaxanı Sənaye Parkına və “Tullantıdan sənətə” muzeyinə təşkil olunan ekskursiyalar yeniyetmələrdə ətraf mühitin qorunması və tullantıların idarə olunması barədə biliklərini artırıb.

“Təmiz Şəhər” ASC-nin nümayəndəsi Elmar Məlikov yay düşərgələrinin yeniyetmə və gənclər üçün faydaları barədə məlumat verib. Qeyd edib ki, gənclər çox vaxt gələcək karyeralarını bu cür məktəblərdə müəyyən edirlər. “Təmiz Şəhər”in təşkil etdiyi əvvəlki yay məktəblərinin iştirakçılarından bir neçəsinin daha sonra səhmdar cəmiyyətdə işləməyə başladığı da qeyd edilib.


Bütün xəbərlər