“Aqrarkredit”in faiz gəlirləri 2 dəfədən çox artıb

14.08.2019,10:54


14 avqust, Fineko/abc.az. “Aqrarkredit”in faiz gəlirləri 2017-ci illə müqayisədə 2018-ci ildə 2,1 dəfə artaraq 17 milyon 173 min manat təşkil edib.

Bu barədə məlumat bank olmayan kredit təşkilatının açıqladığı illik hesabatda qeyd olunub.

Qeyd edək ki, təşkilat 2017-ci ildə 8 milyon 182 min manat faiz gəlirləri əldə etmişdi. Hesabatda vurğulanır ki, “Aqrarkredit”in gəlirləri artsa da, həm də ehtimal olunan zərərlər üçün ehtiyatın yaradılmasına daha az ayırsa da xarici valyuta ilə əməliyyatlar üzrə zərər və əməliyyat xərclərinin artması ilə əlaqədar olaraq xalis mənfəəti illik müqayisədə az olub.

Faiz gətirən aktivlər üzrə ehtimal edilən zərərlər üçün ehtiyat yaradılmasına ayırma 4,2 dəfə azalaraq 1 milyon 930 min manata düşüb.

2017-ci illə müqayisədə 2018-ci ildə “Aqrarkredit”in əməliyyat xərcləri 2 dəfə artaraq 11 milyon 799 min manat təşkil edib.