“ICODS Hilmer” Caspian Energy Forum Baku – 2019-un partnyoru olub

15.08.2019,15:18


15 avqust, Fineko/abc.az. Almaniyanın iri şirkətlərinin – kənd təsərrüfatı və qida sənayesi üçün avadanlıq istehsalçılarının avtorizə edilmiş distribüteri “ICODS Hilmer” şirkəti sentyabrın 19-da Bakıda keçiriləcək 9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyoru olub. 9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019 “Əsrin müqaviləsi”nin imzalanmasının 25 illik yubileyinə və Caspian Energy jurnalının 20 illik yubileyinə həsr olunub. Bu barədə Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. 

“ICODS Hilmer” sıralarında dünyanın 70 ölkəsindən olan 5 min şirkət və təşkilatı birləşdirən Caspian European Club ilə 2018-ci ildə əməkdaşlığa başlayıb və biz yaxın gələcəkdə sıx əməkdaşlığımız üçün açılan imkanlara görə şadıq”, - deyə Telman Əliyev söyləyib.  

“ICODS Hilmer”in direktoru Yelena Hilmer 9-cu Beynəlxalq Caspian Energy Forum-2019 çərçivəsində əməkdaşlığı faydalı və əhəmiyyətli hesab etdiyini bildirib. Onun sözlərinə görə, şirkət bundan sonra da Caspian European Club ilə əməkdaşlığı və regional miqyaslı əlamətdar hadisələri dəstəkləmək niyyətindədir.  

Caspian Energy Forum Baku – 2019-un işində dünyanın 50 ölkəsindən 1500-dən artıq deleqat iştirak edəcək. Onların sırasında Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin dövlət qurumlarının, nazirliklərin, dövlət komitələrinin, dövlət agentliklərinin, dövlət xidmətlərinin, həmçinin dövlət və transmilli şirkətlərinin, beynəlxalq maliyyə institutlarının, aparıcı analitik mərkəzlərin, investisiya şirkələrinin və reytinq agentliklərinin rəhbərləri, həmçinin Azərbaycanda akkreditə olunmuş diplomatik və beynəlxalq missiya nümayəndələri yer alıb. 

Caspian Energy Forum Baku – 2019 üç sessiyadan ibarət olacaq. Birinci sessiya Azərbaycanda neft-qaz sektorunun və sənayenin inkişafına, infrastruktur layihələrin həyata keçirilməsi mövzusuna həsr olunacaq. İkinci sessiyada maliyyə sektorunun inkişafı mövzusuna toxunulacaq, Azərbaycanda investisiyalaşma imkanlarından ətraflı bəhs olunacaq. İkinci sessiyada, həmçinin əsas diqqət kiçik və orta biznesin inkişafına yönəldiləcək. Üçüncü sessiyada İKT layihələrinin uğurla həyata keçirilməsi, aqrosənaye kompleksinin inkişafı və Azərbaycanın turizm potensialı barədə geniş hesabat veriləcək. Forumda plenar tematik sessiyalar keçiriləcək, kofe-breyk, işgüzar nahar zamanı iştirakçıların işi və ünsiyyəti üçün əlavə imkanlar nəzərdə tutulub.

9-cu Beynəlxalq Caspian Energy Forum Baku – 2019-un partnyorları sırasında həmçinin “Azpetrol ltd”, “ AzəriKard” MMC  və “AzerTelecom” var.

Açar sözlər: Caspian European Club