Azərbaycanda yeni sığorta mexanizmi 2020-ci ildən etibarən işə salınacaq

17:32 - 20.08.2019


20 avqust, Fineko/abc.az. Azərbaycanda yeni sığorta mexanizmi 2020-ci ildən etibarən işə salınacaq. Aqrar sığorta mexanizmi Kənd Təsərrüfatı Nazirliyinin rəhbərlik etdiyi, Maliyyə, İqtisadiyyat, Ədliyyə nazirlikləri, Maliyyə Bazarlarına Nəzarət Palatası, Əmlak Məsələləri Dövlət Komitəsi nümayəndələrinin də daxil olduğu işçi qrup tərəfindən hazırlanıb.

Bu barədə Kənd Təsərrüfatı Nazirliyi məlumat yayıb.

Dünyada mövcud olan aqrar sığorta modelləri araşdırılaraq, mütərəqqi kənd təsərrüfatı sığortası sistemi olan ABŞ, Kanada, İspaniya, Türkiyə, İsrailin bu sahədə təcrübəsi öyrənilib. Həmin modellərin üstün və zəif cəhətləri araşdırılaraq, Azərbaycan üçün dövlət-özəl tərəfdaşlığını əsas tutan model hazırlanıb.

Qeyd olunur ki, yeni sığorta mexanizmi Azərbaycanda ilk dəfə olaraq, müştərək sığorta sisteminin yaradılmasını nəzərdə tutur. Müştərək sığorta sistemi sığortaçıların birgə vəsaitləri ilə özlərini sığorta etdirməsidir. Sığorta şirkətlərinin etdiyi sığortadan fərqli olaraq, bu sistemdə heç bir sığorta hadisəsi baş vermədikdə yığılmış vəsaitlər silinmir və növbəti ilə saxlanılır. Üstəlik, dövlət sığorta vəsaitinin müəyyən edilən faizi həcmində sığorta edilənlərə subsidiya ayıracaq.

Bildirilir ki, yeni mexanizmdə Aqrar Sığorta Fondunun yanında sığorta şirkətlərinin təsisçiliyi ilə idarəedici qurumun yaradılması nəzərdə tutulub. İdarəedici şirkətin əsas funksiyası Fondun icra səlahiyyətlərini həyata keçirmək, sığorta müqavilələri satmaq, sığorta hadisələrini tənzimləmək, elektron informasiya sisteminin hazırlanması və dəstəklənməsini təşkil etmək, müstəqil ekspertlər hazırlamaq və onlarla işi qurmaqdır.

 

Bütün xəbərlər