Azərbaycanda kombi istehsalı zavodu fəaliyyətə başladı

14:46 - 21.08.2019


21 avqust, Fineko/abc.az. Avqustun 21-də Abşeron rayonu ərazisində dövlət dəstəyi, yerli və Çin investisiyası əsasında kombi istehsalı zavodu fəaliyyətə başlayıb.

Bu barədə KOBİA məlumat verib.

Açılışda KOBİA-nən İdarə Heyətinin sədri Orxan Məmmədov, “Elektrogas” MMC-nin direktoru Elnur Cəmilli və Çin investoru Lui Fujin iştirak ediblər.

Xəbər verilir ki, “Elektrogas” MMC-yə məxsus Azərbaycan-Çin müştərək müəssisəsi olan zavodun illik istehsal gücü 120 min ədəd kombi təşkil edir. Hazırda zavodda 30 nəfər işlə təmin olunub. Gələcəkdə isə zavodda 200-ə yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur. Zavodun yaradılmasına 2 mln. manat investisiya qoyulub ki, bunun da yarısı xarici sərmayələrdir. Gələcəkdə zavoda yatırılacaq sərmayələrin həcmi 11 milyon manata çatdırılacaq.

Tədbirdə “Elektrogas” MMC-yə investisiya təşviqi sənədi təqdim olunub. Bu sənəd şirkətə bir sıra güzəştlərdən istifadə etməyə imkan verir. Belə ki, investisiya təşviqi sənədi şirkəti 7 il müddətinə mənfəət vergisinin 50%-dən, əmlak, torpaq vergilərindən, idxal olunan avadanlıq və qurğular üçün ƏDV-dən və gömrük rüsümlarından azad edir.

Həmçinin qeyd olunur ki, zavodun məhsulları həm də gələcəkdə “Made in Azerbaijan” brendi ilə xarici ölkələrə ixrac ediləcək.

 

Bütün xəbərlər