Yeddi ayda qeyri-neft-qaz sektoruna yönəldilmiş vəsaitin həcmi artıb

22.08.2019,10:00


22 avqust, Fineko/abc.az. Dövlət Statistika Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 7 milyard 395,5 milyon manat və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,7 % az vəsait yönəldilib.

Qeyd olunur ki, bu, neft-qaz sektoruna yatırılmış investisiyaların azalması ilə bağlı olub. Qeyri-neft-qaz sektoruna yönəldilmiş vəsaitin həcmi isə 9,7 % artıb. Ümumi sərmayənin 4 milyard 755,1 milyon manatı və ya 64,3 %-i məhsul istehsalı sahələrinin, 1 milyard 950,5 milyon manatı (26,4 %) xidmət sahələrinin, 689,9 milyon manatı (9,3 %) isə yaşayış evlərinin tikintisinin payına düşüb.

Bildirilir ki, ümumi sərmayənin 47,7 %-i dövlət, 52,3 %-i qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Əsas kapitala yönəldilmiş vəsaitlərin 67,7 %-i tikinti-quraşdırma işlərinə sərf olunub.

Daxili mənbələrdən əsas kapitala yönəldilmiş vəsaitin dəyəri ümumi sərmayənin 70,8 %-ni təşkil edib.

Əsas kapitala yönəldilmiş sərmayədə müəssisə və təşkilatların vəsaitləri 4 milyard 85,5 milyon manat, bank kreditləri 584,9 milyon manat, büdcə vəsaitləri 2 milyard 81,3 milyon manat, büdcədənkənar fondların vəsaitləri 113,4 milyon manat, əhalinin şəxsi vəsaitləri 506,6 milyon manat, digər vəsaitlər isə 23,8 milyon manat olub.