330x110
 

“AZSIĞORTA” ASC məhkəməyə verilməsi barədə açıqlama yaydı

27.08.2019,15:42


27 avqust, Fineko/abc.az. Xəbər verdiyimiz kimi İmişli rayon ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi zamanı zərər çəkmiş “11-BC-626” dövlət nəqliyyat nişanlı KAMAZ-ın sürücüsü AZSIĞORTA ASC-ni məhkəməyə verib. Məsələ ilə bağlı adıçəkilən sığorta şirkəti açıqlama yayıb. Şirkətin yaydığı məlumata görə, hadisə barədə 2019-cu ilin iyun ayında sorğumuza cavab olaraq müvafiq dövlət orqanı tərəfindən sənədlər daxil olub və qiymətləndirmə üzrə ekspert tərəfindən aparılan yoxlama sonunda hesablanmış zərərin məbləği zərərçəkənə bildirilib. Zərərçəkən bu zərərin az olmasını iddia edərək təqdim edilən məbləğ ilə razılaşmayıb. 

Zərərçəkən tərəfindən KAMAZ markalı nəqliyyat vasitəsinə yol nəqliyyat hadisəsi zamanı dəyən zərərin 11334 (on bir min üç yüz otuz dörd) manat olduğu bildirilən əlyazma ilə qeyd olunmuş 2 vərəq təqdim olunub.

Sığorta qanunvericiliyinə əsasən zərərçəkənə nəqliyyat vasitəsinin “AZSIĞORTA” ASC tərəfindən təmir edilməsi təklif olunduqda isə avtomobilin artıq təmir edildiyi  bildirilib.

Qeyd edək ki, AR Mülki Məcəlləsinin 925.3-cü maddəsinə əsasən sığorta hadisəsi nəticəsində dəyən zərərin sığortaçı tərəfindən qiymətləndirilməsi, habelə miqdarı barədə tərəflər arasında razılıq əldə edilmədikdə zərərin miqdarının qiymətləndirilməsi “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinin tələbi nəzərə alınmaqla, təyin olunan müstəqil ekspert tərəfindən aparılır.

Zərərçəkənə qanunvericiliyin müddəaları bildirildikdə, o istənilən halda 5000 (beş min) manat alacağını bildirib.

Xatırladaq ki, “Sığorta fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 10.10-cu maddəsinə əsasən Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız bu Qanunun 95.3-cü maddəsində nəzərdə tutulmuş reyestrə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər.

Eyni zamanda bildirmək istərdik ki, “United Enterprises Azerbaijan” MMC həmin reyestrə daxil edilməmiş, həmçinin şirkət ilə “AZSIĞORTA” ASC arasında bu növ xidmətlərin göstərilməsi haqqında müqavilə mövcud deyil.